×
A
A
A
Sazlamalar

İmişlidə taxıl istehsalının həcmi artıb

İmişli, 17 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda kənd təsərrüfatı sahəsi üzrə uğurlu nəticələr əldə olunub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci ildə İmişli rayonu üzrə 17 min 790 hektar sahədən dənli və dənli paxlalılar, həmçinin təkrar əkin məhsulu daxil olmaqla, 71 min 208,4 ton məhsul tədarük edilib. Hektara düşən orta məhsuldarlıq 39,6 sentnerə bərabər olub. İstehsal olunan dənli bitkilərin tərkibində buğda əsas yer tutub. 2022-ci ildə istehsal olunan dənli bitkilərin 37 min 192,7 tonunu buğda, 32 min 286,8 tonunu arpa, 1027,4 tonunu qarğıdalı və 701,5 tonunu darı təşkil edib. Buğda məhsulu əvvəlki ilə nisbətən hər hektara 0,3 sentner artaraq 40,1 sentnerə çatıb. Arpa sahələrindən isə 2022-ci ildə yığılan məhsul əvvəlki illə müqayisədə 13,7 faiz çox olub.
İstehsal edilmiş dənli bitkilərin 58 min 229 tonu fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının, 12 min 979,4 tonu kənd təsərrüfatı müəssisələrinin payına düşüb.
Əkin sahələrinin 40,1 faizini dənli bitkilər və paxlalılar, 15,8 faizini texniki bitkilər, 1,3 faizini kartof, tərəvəz və bostan bitkiləri, 42,8 faizini isə yem bitkiləri təşkil edib.

Kənd təsərrüfatı 2023-01-17 11:24:07