×
A
A
A
Sazlamalar

Köçəri və oturaq quşların say dinamikası izlənilir

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycanda köçəri və oturaq quşların say dinamikasını izləmək və quş növlərinin say trendlərini müəyyən etmək məqsədilə Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarının iştirakı ilə hər il ölkə ərazisində müntəzəm olaraq quşların sayı aparılır.
Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov AZƏRTAC-a bildirib ki, bu proses bizim üçün çox vacibdir, çünki milli sərvətimiz olan quşların sayını öyrənməyə imkan yaradır.
“Azərbaycan qışlayan quşların sayına görə Avropada 3-cü yerdədir. Bu da Kür-Araz ovalığı və Xəzər sahilində unikal yerlərin olması, orada çoxlu sututarların, küləkdən qorunan buxtaların mövcudluğu və onların sualtı bitkilərlə zənginliyi ilə əlaqədardır. Qeyd olunan amillər isə vəhşi quşlar üçün yem bazasıdır.
Ötən il apardığımız hesablama nəticəsində məlum oldu ki, ölkəmizdə qışlayan quşların sayı 800 mindən çox olub. Ölkədə ən çox qışlayan quş Qızılağac Milli Parkında 200 mindən çox, Abşeron Milli Parkında isə 160 min qeydə alınıb”.
E.Sultanovun sözlərinə görə, hazırda mütəxəssis və alimlərlə birgə Şirvan Milli Parkının ərazisində quşların sayı aparılır.

Ekologiya 2023-01-17 09:53:00