×
A
A
A
Sazlamalar

Ötən il elektrik enerjisinin ixracı 3,3 milyon kilovat-saat olub

Bakı, 16 yanvar, AZƏRTAC

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, ötən il ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 1 milyard 113,2 milyon kilovat-saat, yəni 4 faiz artaraq 28 milyard 988,5 milyon kilovat-saat olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 2021-ci ilə nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 785,1 milyon kilovat-saat artaraq 27 milyard 43,3 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 318,5 milyon kilovat-saat artaraq 1 milyard 595,7 milyon kilovat-saat təşkil edib. Digər mənbələr (külək elektrik stansiyaları (KES), günəş elektrik stansiyaları (GES) və bərk məişət tullantılarının yandırılması zavodu (BMTYZ) üzrə isə elektrik enerjisinin istehsalı 349,5 milyon kilovat-saat olub. 12 ay ərzində külək elektrik stansiyalarında 83,3 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 60,9 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 205,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
2022-ci il ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 milyard 186,9 milyon kilovat-saat (İES-lərdə 24 milyard 708,2 milyon kilovat-saat, SES-lərdə 1 milyard 478,7 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 474,8 milyon kilovat-saat (İES-lərdə 315,84 milyon kilovat-saat, SES-lərdə 102,52 milyon kilovat-saat, GES-də 56,41 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 62,6 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 264,2 milyon kilovat-saat təşkil edib.
İl ərzində elektrik enerjisinin idxalı 137,1 milyon kilovat-saat, ixrac isə 3 milyard 3,8 milyon kilovat-saat olub.
2022-ci ilin dekabr ayında isə elektrik enerjisinin istehsalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 milyon kilovat-saat və ya 5 faiz artaraq 2 milyard 724,1 milyon kilovat-saat olub.
Ay ərzində elektrik enerjisinin idxalı 10,7 milyon kilovat-saat olmaqla 2021-ci ilin dekabr ayı ilə müqayisədə 0,1 milyon kilovat-saat, ixrac isə 463 milyon kilovat-saat olmaqla 2021-ci ilin müvafiq dövrünə nisbətən 177,2 milyon kilovat-saat artıb.

Energetika 2023-01-16 18:25:00