×
A
A
A
Sazlamalar

Qaxda heyvandarlıq məhsullarının istehsalı artıb

Qax, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Ötən il Qax rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, il ərzində rayonda 3083,4 ton diri çəkidə ət, 16 min 370,3 ton süd, 7 milyon 919 min ədəd yumurta, 103,6 ton yun istehsal olunub. Əvvəlki illə müqayisədə ət istehsalı 35,8 ton, süd istehsalı isə 160 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, istehsal olunan diri çəkidə ətin 3050,7 tonu, südün 16 min 94,4 tonu, yumurtanın isə hamısı ailə-kəndli ev və fərdi sahibkarlıq təsərrüfatlarının payına düşüb. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində ötən il 32,7 ton ət, 275,9 ton süd istehsal olunub.
2023-cü il yanvarın 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 20 min 416 baş iribuynuzlu mal-qara, o cümlədən 11 min 244 baş inək və camış, 52 min 955 baş qoyun və keçi olub.
Ötən il rayonda 5738 baş inək və camış süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 559 baş çoxdur. Müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 3466 baş, yəni əvvəlki ildəkindən 545 baş çox buzov və balaq doğulub.

Kənd təsərrüfatı 2023-01-16 15:26:51