×
A
A
A
Sazlamalar

Dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub

Bakı, 16 yanvar, AZƏRTAC

2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən il ərzində 5 milyon 136 min sərnişin daşınıb. Bu, 2021-ci illə müqayisədə 84 faiz çoxdur. Bu göstəricinin böyük bir hissəsi (5 milyon 8 min) Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir. O cümlədən ötən il Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə əlavə qatarlar xəttə buraxılıb.
Qeyd edək ki, pandemiyadan əvvəl - 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 milyon 875 min 729 sərnişin daşınıb.
ADY nəqliyyat sektorunda müşahidə olunan tıxacların aradan qaldırılmasına önəmli töhfə verməklə yanaşı, sərnişin məmnunluğunun təmin edilməsində də böyük rolu olub. İnsanlar ekoloji təmiz, sürətli və müasir standartlara cavab verən elektrik qatarlarından istifadəyə üstünlük verərək mənzil başına vaxtında və təhlükəsiz çatdırılıb.

Nəqliyyat 2023-01-16 12:52:00