×
A
A
A
Sazlamalar

Azərbaycanla İsveç arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Səhiyyə Nazirliyində İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhiyyə naziri Teymur Musayev son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayıb: “Dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda, hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafında mühüm rol oynayır”.
Teymur Musayev Azərbaycanla İsveç arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Onun sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur: “İsveçdə səhiyyə sahəsi üzrə dünyada ən universal modellərdən biri yaradılıb. Bir çox dövlətlər öz ictimai səhiyyə sistemini yaratmaq üçün ondan nümunə kimi istifadə edirlər. Bundan əlavə, İsveçin “Mölnlycke” şirkəti yüksəkkeyfiyyətli tibb avadanlıqlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən biridir”.
Nazir, həmçinin qeyd edib ki, bu Skandinaviya ölkəsinin güclü əczaçılıq sənayesi dünyanın ən yaxşılarından biri hesab olunur.
Sonda Azərbaycan səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Tobias Lorentzson İsveçin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib: “Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub və bu müddət ərzində İsveç və Azərbaycan dövlətləri arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir”.
İsveçdə əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən səfir ölkəsinin bu sahədə Azərbaycan ilə mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu ifadə edib.
Görüşdə Azərbaycanla İsveç arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri, eyni zamanda, milli səhiyyə müəssisələri tərəfindən təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb. Həmçinin tərəflər yaz aylarında Bakıda keçiriləcək “Gen dermatozu olan xəstələrə yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi. Azərbaycan-İsveç-MDB: epidermoliz büllozası və ixtiozlu xəstələrə hərtərəfli tibbi yardım göstərilməsi sahəsində təcrübə mübadiləsi” dəyirmi masasının təşkili məsələləri müzakirə olunub.

Səhiyyə 2023-01-16 12:41:00