×
A
A
A
Sazlamalar

Mövcud peyvəndlər koronavirusun yeni ştamına qarşı da effektivdir

Bakı, 14 yanvar, AZƏRTAC

Ötən ilin oktyabr-noyabr aylarına nəzər salsaq, görərik ki, COVID-19-a yoluxma hallarında müəyyən qədər artım tendensiyası müşahidə olunurdu. Son günlərdəki rəqəmlər isə virusun təbii xüsusiyyətləri ilə əlaqəlidir. Üç ilə yaxındır ki, koronavirusla mübarizə aparırıq. Bilirik ki, RNT tərkibli viruslarda yoluxma saylarında bu cür dalğalanmalar, artıb-azalmalar ola bilər. Bizim üçün virusa yoluxanların sayındakı artımdan daha çox stasionar müalicə tələb edən xəstələrin sayı daha çox önəmlidir. Çünki bu, xəstəliyin nə qədər ağır gedişatlı olacağından xəbər verir. Hazırda yoluxma saylarında müəyyən qədər artım müşahidə olunsa da hospitalizasiya ehtiyacı duyan xəstələrin sayında artım qeydə alınmır.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin əməkdaşı Turan İbrahimova deyib.
Koronavirusun yeni ştamından danışan T.İbrahimova qeyd edib: “Bu il yanvarın 5-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni ştamının - omikronun subvariantının aşkarlandığı və 30-a yaxın ölkəyə yayıldığı barədə məlumat yaydı. Yeni ştam XBB. 1.5 adlandırılır. Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkəmizdə hələ ki, həmin ştam aşkarlanmayıb. XBB. 1.5 omikronun subvariantı olduğuna görə demək olar ki, əlamətləri və gedişatı eynidir”.
TƏBİB-in nümayəndəsi mövcud peyvəndlərin yeni ştam üçün də effektiv olduğunu diqqətə çatdırıb: “Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19-a qarşı əsasən üç doza vaksin vurulması tövsiyə olunub. Azərbaycanda əhalinin böyük bir qismi peyvəndin iki dozasını qəbul edib. İkinci dozadan altı ay keçənlər isə üçüncü doza vaksini vurdururlar. Mütəmadi olaraq bununla bağlı tövsiyələrimizi verir və çağırış edirik ki, üçüncü doza vaksinə ehtiyacı olanlar onu vurdursunlar. Ümumiyyətlə pandemiya və epidemiyalarla mübarizənin ən effektiv yolu vaksinasiyadır. Biz bunu praktik olaraq da müşahidə etdik. Peyvəndlərdən sonra da COVID-19-un ağırlaşmalarının qarşısı alındı, ölüm faizi azaldı. Yeni ştam omikronun subvariantı olduğuna görə Ümumdünya Səhiyyə Təşkilatı mövcud peyvəndlərin həmin ştamı da tanıyacağını və ona qarşı da qoruyuculuğu təmin edəcəyini bəyan edib”.

Səhiyyə 2023-01-14 12:23:00