×
A
A
A
Sazlamalar

ÜST-nin COVID-19 ilə bağlı yeni tövsiyələri: xəstəliyin simptomsuz keçdiyi təqdirdə beş günlük təcrid

Bakı, 14 yanvar, AZƏRTAC

ÜST COVID-19-a yoluxma zamanı epidemioloji tədbirlərlə bağlı yeni tövsiyələrini açıqlayıb. Ekspertlər xəstəliyin simptomları olan xəstələrə ətrafdakılardan on gün müddətinə, xəstəliyin simptomsuz keçdiyi təqdirdə isə beş gün müddətinə təcrid olunmağı tövsiyə edirlər. Təcridolunma müddəti ekspress-testin neqativ nəticəsinə görə azaldıla bilər.
AZƏRTAC xəbər verir ki, bundan əlavə, ÜST xəstəliyin müalicəsi ilə bağlı tövsiyələri yeniləyib, maska taxmağın vacibliyini bir daha vurğulayıb.
Bu yeni tövsiyələr 2799 nəfərin iştirak etdiyi 12 tədqiqatın məlumatına əsaslanır, tədqiqatlar isə göstərib ki, xəstəliyi simptomsuz keçirən insanlar digər insanları daha az yoluxdurur, yoluxdursa belə, yoluxmuş insanlarda xəstəlik nadir hallarda xəstəxanaya yerləşdirməyə səbəb olur.
Onuncu günə qədər ekspress-testdən istifadə edilmə təcridolunma müddətini üç gün azalda bilər. ÜST qeyd edir ki, təcridolunmanın daha qısa müddəti pandemiyanın sosial-iqtisadi nəticələrini yumşaltmağa imkan verir.
“Biz hökumətləri və işəgötürənləri SARS-CoV-2 olan insanları dəstəkləməyə çağırırıq ki, onlar təcrid olunmanın müddətini saxlaya və infeksiyanın ötürülməsi şanslarını azalda bilsinlər”, – deyə ÜST-nin COVID-19-a reaksiya verilməsi üzrə proqramının aparıcı mütəxəssisi Canet Diaz qeyd edib.
ÜST, həmçinin hamilə və süd verən qadınlar üçün nirmatrelvir-ritonavir (Paxlovid brendi kimi satılır) antivirus preparatından istifadəni genişləndirməyi tövsiyə edib. Nirmatrelvir-ritonavir ÜST tərəfindən ilk dəfə 2022-ci ilin aprel ayında tövsiyə edilib. ÜST yüksək risk qrupuna aid olan pasiyentlərə, hətta COVID-19-u yüngül və ya orta formada keçirsələr belə, müalicə zaman həmin preparatdan istifadə etməyi təkidlə tövsiyə edir.
Eyni zamanda, ÜST bir daha monoklonal anticisimlərlə (sotrovimab, kasirvirimab/imdevimab) preparatların istifadə edilməsinin məsləhət görülmədiyini vurğulayıb, çünki onların SARS-CoV-2-in bu gün dövr edən variantlarına qarşı səmərəliliyi çox aşağıdır.
Bir gün öncə Cenevrədə keçirilən COVID-19-la bağlı mətbuat konfransında ÜST nümayəndəsi Mariya Van Kerkxove izah edib ki, virusun ötürülməsi insanlar arasındakı məsafə, havalandırma və eyni yerdə qalma müddəti kimi amillərdən asılıdır. Məhz buna görə ÜST insanları hələ də insanların həddindən çox olduğu və ya havalandırmanın zəif olduğu yerlərdə, maska taxmağa çağırır.
“Vacib olan bir sıra digər amil də var, lakin maskalar siz bağlı yerdə olanda və məsafə saxlaya bilmədikdə tövsiyə etdiyimiz tədbirlərdən biridir”, ‎– deyə Van Kerkxove vurğulayıb.

Səhiyyə 2023-01-14 12:06:00