×
A
A
A
Sazlamalar

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Bakı, 13 yanvar, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi cari ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təlim-metodiki toplanış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsində Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi fikirlər şəxsi heyətin diqqətinə çatdırılıb.
Toplanışda hərbi intizamın daha da möhkəmləndirilməsi, qanun pozuntularına yol verilməməsi, şəxsi heyətə beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, həmçinin silahlı münaqişə dövründə onların tətbiq edilməsinin əhəmiyyətinin çatdırılması istiqamətində görülən işlər haqqında danışılıb, bu istiqamətdə cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.
Həmçinin hərbi hissələrdə hüquq hazırlığının daha səmərəli təşkili, hərbi qulluqçuların hüquqi cəhətdən maarifləndirilməsi və digər mövzular üzrə məruzələr dinlənilib.
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Ordusunda hüquq sahəsində görüləcək işlərlə bağlı ətraflı müzakirələr aparılıb.
İştirakçıların hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsi məqsədilə keçirilən təlim-metodiki toplanışda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Ordu 2023-01-13 18:57:51