×
A
A
A
Sazlamalar

Ötən il su hövzələrinə 6.5 milyondan çox balıq buraxılıb

Bakı, 13 yanvar, AZƏRTAC

Ötən il su hövzələrinə 6.5 milyondan çox balıq buraxılıb. Azad edilmiş ərazilərdə də həmin proses həyata keçirilib. Bunlardan 580 mini qiymətli balıq növü olan və “Qırmızı kitab”a daxil edilmiş nərəcinsli balıqlar olub. Bu il nərəcinsli balıq buraxılışını 600 minə çatdırmağı nəzərdə tutmuşuq.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Reintroduksiya layihələrindən də danışan F.Əliyev ötən il azad edilmiş ərazilərdə 33 baş, ümumi Azərbaycan ərazisində isə 240 başdan çox ceyranın reintroduksiya edildiyini qeyd edib: “Bu istiqamətdə beynəlxalq reintroduksiya layihəsi də var. Belə ki, Gürcüstanla birlikdə transsərhəd ərazidə ceyranların buraxılışı nəzərdə tutulub. Bu istiqamətdə Bioloji Müxtəlifliyin Qorunması Xidməti ilə Gürcüstanın müvafiq qurumu arasında memorandum imzalanıb. Memorandum nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərində reintroduksiya ilə bağlı əməkdaşlıq nəzərdə tutulub. 2023-cü ildə həmin sənədə uyğun olaraq müəyyən addımları atmağı planlaşdırırıq”.
Xidmət rəsmisi bu il də reintroduksiya layihələrinin həyata keçirilməsinin nəzərdə tutulduğunu, həm yeni bizonların gətirilməsi, həm balıq buraxılışı, həm ceyranların, həm də şahin quşlarının buraxılışının planlaşdırıldığını diqqətə çatdırıb.


 

Ekologiya 2023-01-13 11:08:00