×
A
A
A
Sazlamalar

Azərbaycan çempionatının mükafat fondu artırılıb

Bakı, 12 yanvar, AZƏRTAC

Bu gün kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının püşkü atılıb. Yarışın baş hakimi Qüdrət İsmayılov əvvəlcə reqlament barədə iştirakçılara məlumat verib, sonra çempionatın mükafat fondu açıqlanıb.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ölkə çempionatında Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Murad İbrahimli, İsmayıl Şahəliyev, Vüqar Manafov, Şiroğlan Talıbov, Fərid Mustafayev, Elvin Bayramov, Şahin Vəliyev, Fariz Əhmədov, Xaqan Əhməd və İsmayıl Qurbanov mübarizə aparacaqlar.
Yarışa 14, 16 və 18 yaşlılar arasında ölkə çempionatının qalibləri, eləcə də Azərbaycan çempionatının seçmə yarışında (birinci dəstə üzrə) ən yaxşı nəticə göstərən 7 iştirakçı dəvət olunub.
Çempionatın reytinq favoriti Nicat Abasovdur. Yarışın ən yaşlı iştirakçısı 1992-ci təvəllüdlü Vasif Durarbəylidi. Turnirin ən gənc şahmatçısı birinci dəstədə Azərbaycan çempionatının qalibi olan yeniyetmələr arasında Avropa birinciliyinin gümüş medalçısı - 12 yaşlı Xaqan Əhməd sayılır.
Azərbaycan çempionatının mükafat fondu artırılaraq 25 min manata çatdırılıb. Yarışın qalibi 10 min manat pul mükafatı qazanacaq və böyüklər arasında Azərbaycan milli komandasına vəsiqə əldə edəcək.
Çempionatda ilk beş yeri tutacaq şahmatçılar əsasnaməyə uyğun olaraq mükafatlandırılacaq.
Yanvarın 13-də başlayacaq Azərbaycan çempionatı 9 turdan ibarət olacaq. İlk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq. Yarımfinala vəsiqə qazanacaq şahmatçılar şəxsi Avropa çempionatında iştirak hüququ qazanacaqlar.

İdman 2023-01-12 17:55:00