×
A
A
A
Sazlamalar

Üç nəfəri narkokuryerliyə cəlb edən və narkotik vasitələrin təsiri altında taksi sürənlər saxlanılıblar VİDEO

Bakı, 12 yanvar, AZƏRTAC

Nərimanov rayonunda narkotik vasitə istifadəçilərinin mütəmadi olaraq toplaşaraq bu zərərli vərdişlə məşğul olduqları məkan aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Rəsul Məhərrəmli, Elçin Yusifli və Məsmə Məmmədova saxlanılıblar. Həmin şəxslərin hər birində şəxsi istifadələri üçün əldə etdikləri heroin və metamfetamin aşkar olunub.
Araşdırmalar zamanı adları çəkilən üç nəfərin narkokuryerliyə cəlb edildikləri və bunun müqabilində onlara ödənişsiz narkotik vasitələr verildiyi müəyyənləşdirilib. İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı onlara narkotik vasitələr təklif edən – Ülvi Tağıyev da tutularaq istintaqa cəlb olunub. Ondan satmaq məqsədi ilə əldə etdiyi 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar olunub. Ülvi Tağıyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Adəm” adlı xarici ölkə vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
Qeyd edək ki, Ülvi Tağıyev narkotik vasitələrin satışını həyata keçirən zaman məsuliyyətdən yayınmaq üçün mütəmadi olaraq yaşayış yerini dəyişib və əsasən paytaxt ərazisindəki hotellərdə gecələyib.
İdarə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan Cəfər Yusifzadə də saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul edərək paytaxt ərazisində taksi sürücüsü kimi çalışdığı müəyyən edilib.
Faktlarla bağlı əməliyyatlar-istintaq tədbirləri davam etdirilir.

Hadisə 2023-01-12 16:01:00

Video