×
A
A
A
Sazlamalar

Sabah paytaxtda hava əsasən yağmursuz olacaq

Gecə şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var

Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2°, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 781 millimetr civə sütunundan 777 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək. Gecə şəhərətrafı yolların buz bağlayacağı proqnozlaşdırılır.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimal edilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 15-20°, gündüz 3-8° şaxta olacağı ehtimalı var.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° şaxta, gündüz 3-8° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, bəzi yerlərdə 14-18°, gündüz 3-8° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir. Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-19°, gündüz 5-10° şaxta olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, duman olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 5-8°, gündüz 0-3° şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Ekologiya 2023-01-12 15:26:00