×
A
A
A
Sazlamalar

“Neftçi” - “Xarı bülbül” oyunu təxirə salınıb

Bakı, 12 yanvar, AZƏRTAC

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının ikinci turu çərçivəsində bu gün keçirilməli olan “Neftçi” - “Xarı bülbül” oyunu birincilərin oyunçularının xəstələnməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a bildiriblər ki, “Neftçi” klubunun rəhbərliyi bununla bağlı müraciət ünvanlayıb.
Klubun müraciətində bildirilib ki, komandanın əksər oyunçuları hazırda ölkədə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər və məşqlərdə iştirak edə bilmirlər. Bu səbəbdən AVF qarşılaşmanın başqa vaxta keçirilməsini qərara alıb.
Beləliklə, bu gün yalnız MOİK – “Murov” oyunu baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.
Qeyd edək ki, qadın voleybolçular arasında yanvarın 11-də keçirilməli olan Azərbaycan Yüksək Liqasının ikinci turunun “Murov” - UNEC matçı eyni səbəbdən təxirə salınıb.

İdman 2023-01-12 14:25:00