×
A
A
A
Sazlamalar

Dünya Qoruqlar və Milli Parklar Günü Azərbaycanın milli parklarında müxtəlif tədbirlərlə qeyd olunub

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklarda yanvarın 11-də Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar maraqlı və əyləncəli tədbirlər keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev AZƏRTAC-a bildirib ki, tədbirlər zamanı milli parklara gələn turistlər fərqli relyefə və landşafta malik ekoturizm marşrutları ilə hərəkət edib, eyni zamanda, ziyarətçilərə sağlam həyat tərzini aşılamaq üçün veloyürüş, quşları və ceyranları müşahidə məqsədilə safari tur və qış fəslindən zövq alaraq əyləncəli zaman keçirmək üçün xizəksürmə fəaliyyəti təşkil olunub: “Ceyranlar oylağı olan Muğan düzünün gözəlliklərini özündə birləşdirən Şirvan Milli Parkı ərazisində veloyürüş və safari tur, Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən Abşeron Milli Parkında “Şah Dili fotoyaddaşda” fototur və Şah Dili gəzintisi təşkil edilib”.
R.Allahverdiyev onu da qeyd edib ki, Azərbaycanın ən gözəl təbiət abidələri olan Hirkan, Ağgöl, Şahdağ, Samur-Yalama və Qızılağac milli parklarında maarifləndirmə tədbirləri və məktəblilərin iştirakı ilə piyada gəzinti həyata keçirilib. Zəngin təbii landşaftı və biomüxtəlifliyi ilə seçilən Şahdağ, Altıağac və Göygöl milli parklarında isə ziyarətçilər qışın maraqlı və əyləncəli fəaliyyətlərindən olan xizəksürmə üçün ayrılan ərazidə xizək sürərək, qartopu oynayaraq əsl qış sevinci yaşayıblar.
Xatırladaq ki, yanvarın 11-i Dünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur. Belə ki, 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.

 

Ekologiya 2023-01-12 11:42:00