×
A
A
A
Sazlamalar

Təşvişli həyəcan pozuntusu və onun səbəbləri

Bakı, 12 yanvar, AZƏRTAC
Həyəcanlanma həyatda tez-tez yaşanan bir hissdir. Ancaq bəzi insanlar qarşılaşdığı çətin situasiyalarda həddindən artıq həyəcan yaşayır, təşvişə düşürlər. Ani yaranan boğulma hissi, əllərdə tərləmənin artması, keyimə, titrəmə, nəfəsalmada çətinliklər və digər bu kimi hallar panik atak kimi tanıdığımız əlamətlərdəndir. 30-50 il əvvəl ilə müqayisədə təşvişli həyəcan pozuntusu indi daha çox yayılıb.
AZƏRTAC xəbər verir ki, bunun səbəbləri barədə danışan həkim-nevroloq Ülviyyə Səlimova deyib: “Yaşadığımız dövr, istifadə edilən telefonlar, mobil operatorlar, kompüterlər vasitəsilə şüalanmanın daha çox olması, həyatımıza daxil olan fastfud qidalar, kimyəvi məhsullar, polietilen torbalardan tutmuş bir çox kimyəvi məhsullara qədər aktiv istifadə olunması orqanizmdə toksik yükü artırır. Toksiki yüklənmənin baş verməsi nəticədə sinir sisteminə mənfi təsirini göstərir. Panik vəziyyətlərin uşaqlarda meydana çıxması daha çox ailədaxili gərginliklə əlaqədardır”.
Təşvişli həyəcan pozuntusu zamanı orqanizmdə hormonal disbalans yaranır. Bu, həddi-buluğa çatma, qadınlarda klimaks keçirən dövrlərdə özünü göstərir.
Həmin halın baş verməsi ilə əlaqədar həkim-nevroloq deyib: “İnsanı sakitlikdə saxlayan sinir sistemi var. Bu, simpatik və parasimpatik sinir sisteminin qarşılıqlı tarazlığıdır. Lakin bəzi məqamlarda sinir sisteminin tarazlığı pozulur və bu zaman panik ataklar meydana çıxır. Onun əmələgəlmə səbəbləri çoxdur”.
Panik atakdan əziyyət çəkənlərə təkcə dərman preparatları ilə deyil, təbii üsullarla da kömək etmək mümkündür. Təşvişli həyəcan pozuntusu ilə mübarizədə nevroloq və psixiatrlar tərəfindən iynəbatırma, ozon və oksigen terapiyası, bioloji aktiv nahiyələrə xüsusi dərmanların yeridilməsi kimi üsullardan da geniş istifadə olunur. Bədəni rahatladan yoqa, musiqi terapiyası və meditasiya da orqanizmə müsbət təsir edir.

Səhiyyə 2023-01-12 11:05:00