×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycan Ermənistan üzərində böyük hərbi üstünlüyə malikdir – ŞƏRH

Bakı, 11 yanvar, AZƏRTAC

Bu gün Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyə malikdir. Azərbaycan 2010-cu ildən sonra faktiki olaraq Ermənistanla müqayisədə hərbi güc balansını kifayət qədər böyük üstünlüklə öz xeyrinə dəyişə bildi. Məlum idi ki, Azərbaycan heç bir halda öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq. Vətən müharibəsindən sonrakı dövrdə isə Azərbaycan arxayınlaşmadı. Əksinə, hərbi, müdafiə və təhlükəsizlik xərclərini daha da artırmaqla həm yeni qoşun növləri yaratdı, həm Türkiyə ordusu modelinə keçidi təmin etdi, həm də Xüsusi Təyinatlı Qüvvələrin və yeni yaranan Komando hərbi hissələrinin sayını artırmağa nail oldu. Eyni zamanda, Şərqi Zəngəzurda və Qarabağ ərazisində yeni hərbi bölmələrini yerləşdirdi. Bunlar isə Azərbaycana Ermənistan tərəfindən yaradıla biləcək istənilən təxribatın və ya təhdidlərin qarşısını almağa imkan verən çox vacib amillərdir. Hazırda Xüsusi Təyinatlı Qüvvələrin sayı iki dəfə artırılıb, o cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir. Gələcəkdə yeni Komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
O, qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra qarşıda duran əsas vəzifə şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək olub. Hazırda - müharibədən iki il keçdikdən sonra tam əminliklə demək olar ki, onun nəticələri dünya tərəfindən qəbul edilib, Azərbaycanın haqlı olması bir daha təsdiqlənib.
Ədalət Verdiyev vurğulayıb ki, bəzi ölkələr Ermənistanı silahlandırmağa çalışır. Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirir. Çünki bu hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır. Odur ki, son bir neçə ay ərzində Azərbaycan dəfələrlə Ermənistanı silahlandıran ölkələrə kifayət qədər tutarlı cavab verib. Bu, Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə hərbi təlimləridir. Təlimlərin keçirildiyi coğrafiya və onların ssenarisi bir daha onu göstərir ki, Azərbaycan istənilən ölkənin təhdidlərinə layiqli cavab verməyə tam hazırdır. Azərbaycan Ermənistandan özünə qarşı hər hansı ciddi təhlükə hiss etsə, onu dərhal dəf edəcək.
Hərbi ekspertin sözlərinə görə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın Ermənistana göndərdiyi siqnallar ondan ibarət idi ki, o, bu vəziyyətlə barışmalıdır. Ancaq Ermənistan həm Qarabağda, həm də sərhəd istiqamətində təxribatçı planlarından əl çəkmədi və nəticəsi də hər kəsə məlumdur. Ötən il ərzində Azərbaycan dəfələrlə təxribatlara yol verən Ermənistanı döyüş meydanında ən azı üç dəfə cəzalandırıb. Bu cəzalandırma tədbirləri Azərbaycan Ordusunun tarixi torpaqlarına nəzarət imkanlarının genişləndirilməsi ilə nəticələnib. Azərbaycan son bir ildə - martdan bəri 3 dəfə göstərdi ki, hər hansı havadarı ermənilərin yardımına yetişə bilməz.
“Ermənistan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Azərbaycanın üçüncü müharibəni başlamaq fikri yoxdur. Azərbaycanı bu işdə günahlandıranlar ya erməni təbliğatının qurbanları olublar, ya da ölkəmizə qarşı yenə də böhtan kampaniyası aparmaq istəyirlər. Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini həyata keçirməyib. Odur ki, Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsinin imzalanmasına hazır olmalıdır. Azərbaycanın sülh müqaviləsi təklifi masa üzərində bir müddət qalacaq. Delimitasiyanı istəmirlərsə, sərhəd Azərbaycanın lazım bildiyi yerdən keçəcək. Bu il Ermənistan üçün sonuncu şans olacaq. Ona görə ki, 2025-ci ildə Rusiyanın sülhməramlı missiyasının müddəti başa çatır. Sülh müqaviləsinin və sərhədlərin delimitasiyası prosesinin ləngiməsi isə birmənalı şəkildə Ermənistanın Birgə Bəyanatın şərtlərini yerinə yetirməkdən imtina etməsi kimi dəyərləndirə bilər. Belə olan halda, Azərbaycan da bu təkliflərini geri çəkə bilər. Başqa sözlə desək, Azərbaycan da Birgə Bəyanatın yerinə yetirilməsindən imtina edə bilər. Bu isə vəziyyəti 2020-ci ilin noyabrın 9-na qaytara bilər və Ermənistanın növbəti dəfə daha ciddi və ağrılı-acılı şəkildə cəzlandırılması ilə nəticələnə bilər”, - deyə Ə.Verdiyev bildirib.

Ordu 2023-01-11 21:25:00