×
A
A
A
Sazlamalar

Yuxarı tənəffüs yolları infeksiyalarına yoluxma halları pandemiyadan əvvəlki dövrlə eynidir

Bakı, 11 yanvar, AZƏRTAC

Son zamanlar bütün dünyada yuxarı tənəffüs yolları infeksiyalarına yoluxanların sayında artım müşahidə olunur. Araşdırmalar onu göstərir ki, bunların bir qismi koronavirus infeksiyası ilə əlaqədardır. Pandemiyanın tüğyan etdiyi dövrlərə nəzər saldıqda görərik ki, o zamanlar insanlar tam qapalı şəraitdə idilər, karantin rejiminə əməl edirdilər, bağçalar, məktəblər bağlı idi. Nəticədə qrip və digər respirator infeksiyalara yoluxanların sayında kəskin azalmalar müşahidə olunurdu. Karantin rejimləri yumşaldıqdan, qapalı məkanlar açıldıqdan və təmaslar artdıqdan sonra xəstəliklərin sayında da artım qeydə alındı. Əslində isə yuxarı tənəffüs yolları infeksiyalarına yoluxma halları pandemiyadan əvvəlki dövrlə demək olar ki, eynidir. Koronavirusdan öncəki dönəmə geri qayıtmışıq.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin instaqram səhifəsində “Həkim məsləhəti olmadan edilən yanlış müalicələr” mövzusunda canlı yayım zamanı deyib.
Terapevt respirator infeksiyaların yayılmasının qarşısını almaq üçün tövsiyələr verib: “Özündə burun axıntısı, qızdırma, öskürək kimi yuxarı tənəffüs yolları infeksiyalarının əlamətini hiss edənlərin maska taxması, kütləvi məkanlardan uzaq durması tövsiyə olunur. Həmin şəxslərin xüsusilə hamilə qadınlar, uşaqlar, yaşlılar və risk qrupuna aid olanlarla təmas qurmamaları məsləhət görülür. Respirator xəstəliklərin geniş yayılmasının qarşısının alınması üçün yoluxanların özlərini təcrid etmələri lazımdır. Bununla yanaşı, yuxu rejiminə əməl etmək və düzgün qidalanmaq da çox vacibdir”.

Səhiyyə 2023-01-11 18:07:00