×
A
A
A
Sazlamalar

Mütəxəssis: Ağrıkəsicilər mədənin düşmənidir

Bakı, 11 yanvar, AZƏRTAC

Ağrıkəsicilər mədənin düşmənidir. Belə ki, həmin preparatlar mədənin selikli qişasını zədələyir, mədə xoralarına, qanamalarına gətirib çıxarır. Dünyada mədə qastritinin, yaralarının, xoralarının ən böyük səbəblərindən biri ağrıkəsicilərdir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin instaqram səhifəsində “Həkim məsləhəti olmadan edilən yanlış müalicələr” mövzusunda canlı yayım zamanı deyib.
Z.Quliyev bildirib ki, ağrıkəsicilər böyrəklərə də ciddi təsir göstərir. Ona görə də mütəmadi olaraq ağrıkəsicilərdən istifadə edənlərin böyrəkləri zədələnir və qanda kreatinlərin miqdarı yüksək olur: “Təsadüfi deyil ki, ağrıkəsicilər dünyada böyrək çatışmazlıqlarının ən böyük səbəblərindən biri kimi göstərilir. Bundan başqa, həmin dərman preparatları qaraciyərə intoksikasiya, zədələnmə verə bilir. Odur ki, ağrıkəsici dərmanlara bu qədər bəsit yanaşmamaq lazımdır”.
Mütəxəssis-ekspertin sözlərinə görə, bədənin hər hansı bir nahiyəsində ağrı varsa, bəzən bu, bir xəbərdarlıq da ola bilər: “Hər hansı nahiyədə ağrı varsa, ağrıkəsici istifadə oluna bilər. Məsələn, kəskin başağrısı olarsa, istifadə edə bilərik. Lakin ağrılar keçmir və təkrarlanırsa, həkimə müraciət edilməlidir. Şiddətli ağrılar zamanı mütəmadi olaraq ağrıkəsici içmək yox müayinədən keçmək lazımdır. Bəzən təkrarlanan şiddətli ağrılar hansısa ciddi xəstəliyin əlaməti ola bilər”.

Səhiyyə 2023-01-11 17:37:00