×
A
A
A
Sazlamalar

Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür

Bakı, 11 yanvar, AZƏRTAC

11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günüdür. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.
Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Eyni zamanda, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir, digər tərəfdən mövcud olanların əraziləri genişləndirilir.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə yeni milli parkların yaradılması, mövcud qoruqlara milli park statusunun verilməsi nəzərdə tutulub. Həmin istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlərin görülməsinə başlanılıb. Burada əsas məqsəd uzun müddət qoruq statusu olmuş, qapalı ekosistemə sahib olan ərazilərə vətəndaşların, turistlərin səfərinin təşkil olunmasıdır. İlisu Dövlət Təbiət Qoruğunun milli parka çevrilməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işlər görülür. Həmçinin Göygöl Milli Parkının statusunun publik hüquqi şəxsə dəyişdirilməsi ilə bağlı təkliflərə baxılır. Bununla yanaşı, Qobustanda palçıq vulkanlarının olduğu ərazilərdə geoloji parkların yaradılması planlaşdırılıb və həmin istiqamətdə tədbirlər davam etdirilir.
Azad edilmiş ərazilərdə vaxtilə 4 qoruq, 2 milli park mövcud olub. Hazırda onların bərpası da prioritet məsələlərdən biridir.
Ötən il milli parklara il ərzində ümumilikdə 276 min 703 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub. Ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklar Göygöl, Şahdağ və Abşeron milli parklarıdır.

Ekologiya 2023-01-11 15:20:00