×
A
A
A
Sazlamalar

ÜST: Çində koronavirusun yayılması Avropadakı vəziyyətə təsir etməyəcək

Bakı, 10 yanvar, AZƏRTAC

Çində davam edən koronavirusa yoluxma hallarının artması hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölgəsində COVID-19-la bağlı epidemioloji vəziyyətə ciddi təsir göstərməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu ÜST-nin Avropa regional bürosunun rəhbəri Xans Klyuge keçirdiyi brifinqdə bildirib.
"Biz Avropa xəstəliklərin profilaktikası və nəzarət mərkəzinin (ECDC) Çində davam edən xəstəliyə yoluxma hallarının artımının hazırda ÜST-nin Avropa regionunda COVID–19-la bağlı epidemioloji vəziyyətinə əhəmiyyətli təsir göstərməyəcəyi ilə bağlı hazırkı mövqeyini bölüşürük", - deyə o əlavə edib. Onun sözlərinə görə, Çində dövr edən SARS-CoV-2 virusunun variantları artıq Avropada və digər ölkələrdə aşkar edilmiş variantlardır.
Klyuge əlavə edib ki, Çin virusun sekvenləşdirilməsi barədə məlumatı bölüşür, lakin avropalı ekspertlərə “dəyişən vəziyyəti daha yaxşı anlamaq üçün xüsusilə də yerli epidemiologiya və variantlar barədə ətraflı və mütəmadi məlumat lazımdır”.
"Dövlətlər öz əhalisinin qorunması üçün kifayət qədər ehtiyat tədbirləri görürlər, halbuki biz ictimai məlumat bazaları vasitəsilə yayılacaq daha ətraflı məlumatı gözləyirik. Bölgəmizdəki səyahət tədbirlərini hazırda tətbiq edən ölkələri elmi dəlillərə əsaslanmağa, mütənasib olmağa və ayrıseçkiliyə yol verməməyə çağırırıq", - deyə Klyuge vurğulayıb.

 

Səhiyyə 2023-01-10 17:28:00