×
A
A
A
Sazlamalar

Avtomobillərdə “səssiz ölüm”

Bakı, 10 yanvar, AZƏRTAC

Soyuq, saxtalı qış günlərində bəzi sürücülər öz avtomobillərində qızınmaq üçün istilik sistemini işə salırlar. Təəssüf ki, bəzi hallarda bu, faciə ilə nəticələnir.
AZƏRTAC hansı hallarda mənfi nəticələrin baş verdiyini və bunun qarşısını almaq yollarını Bakı şəhər Klinik Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudovla aydınlaşdırıb.
A.Maqsudovun dediyinə görə, belə hallara daha çox dizel yanacağı və benzinlə işləyən avtomobillərdə rast gəlinir: “Əgər avtomobilin qızdırıcı sistemi nasazdırsa, həmçinin qızdırıcı sistem uzun müddət qapalı mühitdə işləyirsə, yanacaqdan ayrılan dəm qazından zəhərlənmə halları qaçılmazdır. Təəssüf ki, qızdırıcı sistemi işlək vəziyyətdə qoyub yatmaq ölümlə nəticələnə bilir. “Səssiz ölüm” adlandırılan dəm qazının güclü toksik təsiri avtomobilin içərisində olanı yuxuda ikən zəhərləyir və nəticədə acı sonluq qeydə alınır. Odur ki, istilik sisteminin düzgün işlədiyinə nəzarət etmək, onu uzun müddət işlək vəziyyətdə saxlamamaq, ən əsası isə avtomobilin pəncərələrini açaraq salonun havasını tez-tez dəyişmək lazımdır”.
Toksikoloq belə hallarla əlaqədar bu il mərkəzə müraciət daxil olmadığını, ötən il isə vətəndaşların bu cür zəhərlənmələrlə bağlı həmin səhiyyə ocağına üz tutduğunu da diqqətə çatdırıb: “Təəssüf ki, bir neçə gün əvvəl avtomobildə zəhərlənərək həyatını itirən oldu. Kəskin hava şəraiti ilə əlaqədar olaraq sürücülər özlərini və sərnişinlərini belə hallarla üzləşməkdən qorumağa çalışmalıdırlar”.

 

Səhiyyə 2023-01-10 15:27:00