×
A
A
A
Sazlamalar

Mərkəzi Bank məcburi ehtiyat normalarına dəyişikliklər edib

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən pul təklifinin daha effektiv tənzimlənməsi, faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması üçün məcburi ehtiyat normalarına və onun diferensiallaşdırılmasına yenidən baxmaq zərurəti yaranıb. Xatırladaq ki, pul bazası 2022-ci ildə 12,1 faiz artıb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19.12.2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin 2022-ci il 28 dekabr tarixli qərarı ilə məcburi ehtiyat normaları aşağıdakı kimi müəyyənləşdirilib:
-milli valyutada cəlb edilmiş fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə 5 faiz;
-xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 6 faiz;
-milli valyutada hüquqi şəxslərin depozitləri üzrə:
- milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatadək olan hissəsi üzrə 5 faiz;
- milli valyutada hüquqi şəxslərin depozitlərinin bir milyard manatı üstələyən hissəsi üzrə 10 faiz;
xarici valyutada hüquqi şəxslərin depozitləri üzrə:
- xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manat ekvivalentinədək olan hissəsi üzrə 6 faiz;
- xarici valyutada hüquqi şəxslərin depozitlərinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən hissəsi üzrə 12 faiz;
-qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə 5 faiz.
Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılıb. Qiymətləndirmələrə görə, məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektoru üzrə manatla və xarici valyutada öhdəliklərin maya dəyərinə orta hesabla müvafiq olaraq cəmisi 0,16 faiz və 0,01 faiz artırıcı təsir göstərir.
Qərara alınıb ki, 2023-cü ilin yanvar ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (yəni 2023-cü ilin 15 fevral tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar. “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılıb.

Maliyyə 2023-01-09 17:50:00