Türkiyənin Zəlzələ Departamentinin nümayəndələri azərbaycanlı mütəxəssislərə təlim keçəcəklər
Bakı, 9 yanvar, AZƏRTAC
Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin, həmçinin qardaş ölkənin MDSOFT şirkətinin nümayəndələri Azərbaycanda səfərdədirlər. Yanvarın 9-da Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Türkiyədən olan nümayəndə heyəti ilə RSXM əməkdaşlarının görüşü keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə AFAD-ın Zəlzələ Departamenti və RSXM arasında əldə olunmuş Razılaşma Protokolu əsasında seysmik stansiyaların quraşdırılması, kadrların təcrübə mübadiləsi, baş verən zəlzələlərlə bağlı məlumatların mübadiləsinin aparılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, eləcə də birgə layihələrin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, səfər çərçivəsində AFAD-ın dəstəyi ilə Azərbaycanda yeni quraşdırılmış 22 ədəd seysmik stansiyadan olan məlumatların emalı və analizi məqsədilə Türkiyədə hazırlanmış proqramların RSXM-də tətbiqi ilə bağlı azərbaycanlı mütəxəssislərə təlim keçirilməsi nəzərdə tutulub.
Təlimlərdə mərkəzin zəlzələ ocaqlarının dinamikası və geodinamika şöbəsinin əməkdaşları iştirak edəcəklər. Tərəflər arasındakı müzakirələr zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə aydınlıq gətirilib.
Azərbaycanla BMqT arasında qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində fikir mübadiləsi aparılıb
BMT Azərbaycanın Su Konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib
Paytaxt havasında dəm qazının miqdarı normanı 1.6 dəfə ötüb
Antonio Quterreş: İqlim dəyişikliyi Yer kürəsini yaşayış üçün yararsız edir