×
A
A
A
Sazlamalar

Fevralın 15-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək

Bakı, 9 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən fevralın 15-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, hərracda 3 lot üzrə Xızıda yerləşən “Şurabad” qum yatağı, Balakəndə 1 lot üzrə “Göyəmtala” gil yatağı, Qazaxda hər biri 3 lot üzrə “Aşağı Salahlı” gil və “Daş Salahlı-III” sement xammalı yataqları, Ağstafada 2 lot üzrə “Acıdərə” vulkan külü yatağı satışa çıxarılacaq. Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış olmaq mümkündür.
Hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər.
Elanda göstərilən sənədlər fevralın 8-i saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edilməlidir.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək.
Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkə səhifələrindən də əldə etmək mümkündür.

 

 

Ekologiya 2023-01-09 11:39:00