×
A
A
A
Sazlamalar

Ağsu dolaylarında son vəziyyət - Açıqlama VİDEO

Ağsu, 8 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC
Havaların qarlı olması səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır texnika və canlı qüvvə yolların təmizlənməsi üçün fasiləsiz xidmətə başlayıb. Ağsu dolaylarında axşamdan yağaraq 10 santimetr hündürlüyündə örtük əmələ gətirən qar ağır texnikalar vasitəsilə və duz səpilməklə təmizlənib.
Enişli-yoxuşlu, döngəli olan Ağsu dolaylarında hazırda yol hər iki istiqamətdə açıqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə 4 nömrəli “Magistral Yolların İstismarı” MMC-nin sahə rəisi Eldar İsrafilov bildirib. Hazırda avtomobillərin sərbəst hərəkət etdiyini və sutka ərzində heç bir hadisənin baş vermədiyini deyən sahə rəisi qeyd edib ki, dumana görə sürücülərin alternativ yollardan istifadəsi daha məqsədəuyğundur. “Qar fasiləsiz olaraq yağır. Əgər qar həddən artıq yağarsa, 4 nömrəli idarənin işçiləri və ağır texnikaları yolu təmizləmək üçün hazır vəziyyətdədir. Qarı təmizləsək də, axşam saatlarında həmişə şaxta ilə əlaqədar buzlaşma gedir. Bu buzlaşma nəticəsində Ağsu dolaylarında həmişə duman olduğunu nəzərə alaraq, köhnə şinli avtomobillərin sürücülərindən müvəqqəti olaraq başqa yoldan istifadə etmələri xahiş olunur. Bakı-Qazax yolu bu baxımdan daha məqsədəuyğundur. Yolları qardan nə qədər təmizləsək də, köhnə şinli avtomobillərin buradan hərəkəti tövsiyə olunmur. Yaxın bir-iki gün ərzində qar daha da çoxalacaq. Ona görə də bu avtomobillərə sahib sürücülər alternativ yollardan istifadə etməlidirlər”, - deyə o bildirib.
Xatırladaq ki, gecə saatlarından yağmağa başlayan qar Ağsu, İsmayıllı, Şamaxı rayonlarında bu saatlarda da davam edir.

Regionlar 2023-01-08 17:44:00

Video