×
A
A
A
Sazlamalar

Quba-Xınalıq yolunda son vəziyyət

Quba, 8 yanvar, Elxan Yusifli, AZƏRTAC

Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
Qubadakı 5 saylı Yol İstismarı MMC-nin rəisi Gülağa Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, daha təhlükəli sayılan Quba–Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Səhər saatlarına olan məlumata görə yolun hərəkət hissəsinə 12-15 santimetr qar yağıb. Hazırda ağır texnika ilə təmin edilən növbətçi briqadalar yolun qardan təmizlənməsi üçün səfərbər edilib.
Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində məhdudiyyət yoxdur. Amma təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.
Qubanın rayon mərkəzində 8, Qrız kəndində 18, Xaltanda 12 santimetr hündürlüyündə qar qeydə alınıb.
Bütün şimal bölgəsində qar yağmaqda davam edir.

Regionlar 2023-01-08 13:51:00