×
A
A
A
Sazlamalar

Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində Milad bayramı qeyd edilib - FOTO VİDEO

Qəbələ, 7 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

Dünyanın pravoslav xristianları tərəfindən qeyd edilən İsa Peyğəmbərin mövludu günü - Milad bayramı münasibətilə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari “alban kilsəsində bayram mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milad bayramını qeyd etmək üçün səhər saatlarında böyükdən-kiçiyə hər kəs evindən çıxaraq “Cotari” alban kilsəsinə üz tutub. Kilsə ətrafında cəmləşən qəsəbə sakinləri bir –birlərinə xoş sözlər deyərək bayramlaşıblar. Kilsənin önündə qonaqlar üçün açılan bayram süfrəsi xüsusilə uşaqların sevincinə səbəb olub.
Bayram üçün hər kəs toplaşdıqdan sonra dini ayinlərin icrası üçün kilsədə mərasim təşkil edilib. Mərasimdə Alban-Udi icmasının rəhbəri Robert Mobili Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışıb: “Bu gün Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların dinc birgə yaşadığı unikal ölkədir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimlərini sərbəst yerinə yetirmək üçün şərait yaradılıb. Bu gün bizə çoxlu təbriklər gəlib. Xüsusilə Prezidentimizin təbrikini qeyd etmək istəyirəm. Həmçinin Mədəniyyət Nazirliyi, Dini Qurumlar üzrə Dövlət Komitəsi, müsəlman icmaları, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də təbriklər göndərilib. Bilirsiniz ki, Qarabağdakı torpaqlarımızda olan müqəddəs irsimiz, alban kilsələri 30 ilə yaxın əsir idi. Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin sayəsində, nəhayət biz o dini ocaqlarımıza gedə bildik, orada ibadət elədik, şəhidlərimizi yada saldıq, şamlar yandırdıq”.
Robert Mobili bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra digər dini icmalar kimi, Alban-udi xristian icması üçün də çox gözəl şərait yaranıb. “İndi biz Milad və Pasxa bayramlarını daha geniş və rahat qeyd edə bilirik”, - deyə o əlavə edib.
Çıxış edənlər Nic qəsəbəsinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, bayram münasibətilə təbriklərini səsləndiriblər. Qeyd olunub ki, müsəlmanların və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.
Alban-udin xristian icmasının sədr müavini Rafik Danakari deyib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər. Rafik Danakari “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasının da tolerantlığa gözəl nümunə olduğunu bildirib. Bundan əlavə, Nic qəsəbəsində yerləşən ən qədim kilsələrdən biri ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunaraq bu il udilərin ixtiyarına verilib.
“Həqiqətən, bu gün çox xoş gündür, bayramdır, müqəddəs gündür. 16 ildir ki, biz Allahın evində - Müqəddəs Yelisey adına kilsədə Milad bayramını qeyd edirik. Bu, tək udinlərin, xristianların bayramı deyil, dünyada yaşayan bütün insanların bayramıdır. Ona görə ki, İsa Peyğəmbərə bütün insanlar ehtiram göstərir. Bu gün həmişəki kimi azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri bizimlə bərabər bayram tədbirində iştirak edirlər. Bu kilsələri Azərbaycanda 4-5-ci əsrdə bizim müqəddəs atalarımız tikiblər. Təkcə udilər üçün yox, Qafqaz Albaniyasında yaşayan bütün xalqlar üçün tikilmiş kilsələr, monastırlar, məscidlərdir. Ona görə ki, bizim Allahımız birdir, bizi yaradan tək Allahdır, biz də tək Allaha qulluq edirik”, - deyə o vurğulayıb.
Hazırda Nic qəsəbəsində üç kilsə, iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
Şəhər tipli qəsəbə olan Nic qəsəbəsi dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir. Hazırda burada udilərlə bərabər azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri mehriban qonşuluq, bir-birilərinin adət-ənənələrinə, mədəniyyətinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi udilərin də mədəniyyətinin, adət və ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün böyük tədbirlər görülür.
Bir sözlə sabit, sakit demokratik Azərbaycanda dinindən, dilindən, irqindən milliyyətindən asılı olmayaraq hər kəs rahat və təhlükəsiz yaşaya bilər. Bunun üçün sadə bir şərt var: Azərbaycanın qanunlarına, ərazi bütövlüyünə, adət ənənələri, milli-mənəvi dəyərlərinə hörmət etmək.

Regionlar 2023-01-07 18:00:13

Video