×
A
A
A
Sazlamalar

Ötən il Qax Damazlıq İpəkçilik Stansiyasında 65,4 kiloqram tut ipəkqurdu toxumu əldə olunub

Qax, 7 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Ötən il Qax Damazlıq İpəkçilik Stansiyasında 2023-cü ildə kümçülərə paylanmaq üçün yerli istehsal hesabına 65,4 kiloqram, yəni 2255 qutu elit və sənaye tut ipəkqurdu toxumu hazırlanıb. Hazırda toxum qışlama dövründədir və stansiyanın soyuducusunda saxlanılır. Toxumun hava şəraitindən asılı olaraq aprelin ikinci yarısında inkubasiyaya qoyulması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev məlumat verib.
Müəssisə rəhbəri bildirib ki, qışlama üçün soyuducuya qoyulan nümunələr martda inkubasiya kamerasında dirildiləcək. Toxumun dirilmə faizi müəyyən ediləcək və xəstəliklərin müayinəsi üçün mikroskop analizindən keçiriləcək, həmçinin müayinə zamanı xəstəliklər aşkarlanmış partiyalar çıxdaş olunacaq.
Əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyasında bir neçə ildir ki, tut ipəkqurdu cins və hibridlərinin yüksəkkeyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd kümçüləri ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etməkdir.
Ötənilki mövsümdə respublikanın 40 rayonunda barama yetişdirilib. Bu məqsədlə kümçülərə 11 min 130 qutu ipəkqurdu toxumu paylanılıb. Toxumun 10 min qutusu Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilib. Kümçülərə paylanılan 1130 qutu toxum isə müəssisənin özündə yerli istehsal hesabına hazırlanıb. Müəssisədə toxum istehsalı ildən-ilə artacaq və gələcəkdə xaricdən toxum alınmasına ehtiyac qalmayacaq, tələbat yerli istehsal hesabına ödəniləcək.

 

Kənd təsərrüfatı 2023-01-07 12:55:44