×
A
A
A
Sazlamalar

Gəncədə yaşayan pravoslav xristianlar Milad bayramını qeyd ediblər - FOTO

Gəncə, 7 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər.
Əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub.
Sonra Aleksandr Nevski kilsəsinin dini heyəti İsa peyğəmbərin mövludu ilə bağlı ayinlər icra edib.
Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.
Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub.
Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə İsa Məsihin dünyaya gəlməsinin şərəfinə qeyd olunur.
Gəncə şəhərində təxminən 200-dən artıq pravoslav ailə məskunlaşıb. Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa edilib və neçə illərdir ki, kilsə kimi fəaliyyət göstərir.

Regionlar 2023-01-07 11:31:53