×
A
A
A
Sazlamalar

Şimal bölgəsinin pravoslavları Milad bayramını qeyd edir - Xaçmazdakı pravoslav kilsəsindən reportaj VİDEO

Xaçmaz, 7 yanvar, Elxan Yusifli, AZƏRTAC

Milad bayramı Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar. Bayramla əlaqədar əvvəlcədən xüsusi hazırlıq görülüb, şirniyyatlar bişirilib.
Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub. Vurğulanıb ki, Azərbaycanda xüsusi coşqu ilə qeyd olunan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir.
“Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsinin baş keşişi, ieromonax Qeorqiy Budaqov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramı hər il yüksək səviyyədə qeyd olunur.
“Bu gün biz Milad bayramını böyük coşqu ilə qeyd edirik. Azərbaycanda bütün dinlərin nümayəndələri öz inanclarında azaddırlar. Prezidentimiz dini icmaları daim diqqət mərkəzində saxlayır. Çox sevindirici haldır ki, biz Azərbaycan kimi tolerant ölkədə yaşayırıq. Bütün xristian icmasının üzvlərini bayram münasibətilə təbrik edirəm. Qoy, dünyada həmişə sülh və əmin-amanlıq olsun”, - deyə ieromonax Qeorqiy Budaqov söyləyib.
Pravoslavlar üçün Milad ən müqəddəs bayramlardandır. Bayramdan əvvəl 40 günlük Milad orucu tutulur. Bu, cismin və ruhun təmizlənməsi məqsədi daşıyır. Pravoslav Milad bayramı yanvarın 6-da ilk ulduzun görünməsi ilə qeyd olunmağa başlayır. Bu, İsa peyğəmbər doğularkən görünən Beytləhm ulduzunu yad etmək üçündür.
“Milad bayramı ailə ilə, qohumlar və dostlarla keçirilir. Ənənəyə görə, Müqəddəs Axşam Milad şamının yandırılması və dua ilə başlayır. Pravoslav xristianlar 12 həvarinin xatirəsinə 12 növ yeməkdən ibarət bayram süfrəsi açırlar. Bayram ərəfəsində bütün incikliklər unudulmalıdır. Hamı yeni paltar geyinməlidir. Mən də öz növbəmdə bayram münasibətilə hamını təbrik edir, insanlara xoşbəxtlik arzu edirəm”, - deyə Xaçmaz sakini Mariamna Abbasova bildirib.
Dini ayinlərin icrasından sonra bayram şirniyyatları paylanılıb.
Xaçmaz şəhərindəki “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsi 1946-cı ildən fəaliyyət göstərir.
Milad bayramı ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilir.

Regionlar 2023-01-07 10:59:25

Video