×
A
A
A
Sazlamalar

Quba–Xınalıq yoluna növbətçi briqadalar cəlb olunacaq

Quba, 6 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qarşıdakı günlərdə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Quba–Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları cəlb olunacaq.
Qubadakı 5 saylı Yol İstismarı MMC-nin rəisi Gülağa Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qabaqlayıcı tədbirlər olaraq yolun təhlükəli sayılan hissələrində qum-duz qarışığı ehtiyatı toplanıb. Ehtiyac yaranacağı təqdirdə yolun qarla örtülən hissəsinin qısa müddətdə təmizlənməsi üçün növbətçi briqadalar ağır texnika ilə təmin edilib. Ümumilikdə Qubada yollara səpilməsi üçün 100 tona yaxın qum-duz qarışığı ehtiyatı hazırlanıb.
Qabaqlayıcı tədbirlərə baxmayaraq, təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Xınalıq yolundan istifadə etməsi tövsiyə olunmur.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq edib. Yanvarın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.

Regionlar 2023-01-06 17:08:05