×
A
A
A
Sazlamalar

Qəbələdə 19,5 min hektar sahədə payız səpini aparılıb

Qəbələ, 6 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Torpaq mülkiyyətçiləri 13 min 802 hektarı buğda, 5 min 698 hektarı dən üçün arpa olmaqla, 19 min 500 hektar sahəyə toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, kampaniya dövründə sahələrə 4 min tondan çox sertifikatlaşmış toxum səpilib. Hazırda taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir, sahələr suvarılır. İndiyədək taxıl əkinlərinə min tondan çox gübrə verilib, 257 hektar sahədə suvarma işləri aparılıb.
Xatırladaq ki, ötənilki mövsümdə rayonda 19 min 502 hektar sahənin məhsulu biçilib, 65 min 332 ton taxıl istehsal olunub. Hər hektarda orta məhsuldarlıq 33,5 sentner təşkil edib.

 

Kənd təsərrüfatı 2023-01-06 15:48:33