×
A
A
A
Sazlamalar

Gəncənin Sadıllı qəsəbəsində saxta spirtli içkilər satıldığı aşkarlanıb

Bakı, 6 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciət əsasında Gəncə şəhərinin Sadıllı qəsəbəsində fiziki şəxs Cəlilova Bənzər Şəmsəddin qızına məxsus “Kəmalə” marketdə yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub. Marketdə üzərində istehsal tarixi qeyd olunmayan 68 ədəd 0.7 ml-lik “Zakaznaya”, 18 ədəd 0.5 ml-lik “Leopard”, 6 ədəd 0.7 ml-lik “Leopard”, 5 ədəd 0.5 ml-lik “Naturalnaya”, 3 ədəd 0.7 ml-lik “Himalay ayısı”, 1 ədəd 0.5 ml-lik “Moskovskie veçera”, 1 ədəd 0.7 ml-lik “Qaraçanaq”, 2 ədəd 1 l-lik “Quseynoff” əmtəə nişanlı orqanik alkoqollu içkilərin, həmçinin 85 ədəd 1.75 l-lik “Ağsu damcısı” əmtəə nişanlı alkoqollu içkinin satışının həyata keçirildiyi aşkarlanıb.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 5 nümunənin tərkibində tündlülüyün (“Naturalnaya” 31,6 faiz , “Leopard” 31,3 faiz, “Himalay ayısı” 31,7 faiz, “Ağsu damcısı” 32,8 faiz , “Zakaznaya” 31,6 faiz), eyni zamanda “Ağsu damcısı” əmtəə nişanlı alkoqollu içkidə metil spirtinin həcm payının (0.03 faiz) müvafiq normativ tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilib. Bununla yanaşı alkoqollu içkilərin etiket məlumatlarındakı müvafiq göstəricilər arasında da uyğunsuzluq olması müəyyən edilib.
Aşkar olunmuş nöqsanlarla əlaqədar sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib.

 

Sosial 2023-01-06 14:55:00