×
A
A
A
Sazlamalar

Gəncədə “Abad məhəllə”lər salınır

Gəncə, 6 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Ölkənin ikinci ən böyük şəhərində “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlər hazırda şəhərin Gülüstan yaşayış massivində və 1-ci mikrorayon ərazisində aparılır.
Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyindən (MKTİB) AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, layihə çərçivəsində yaşayış binalarının həyətlərində yöndəmsiz tikililər sökülərək, ərazidə səliqə-sahman yaradılır, yeni bardürlər və səki daşları düzülür, asfalt örtüyü çəkilir, yaşıllıq salınır.
“Abad məhəllə”lərdə gecə işıqlandırılması sistemi də qurulur. Gülüstan qəsəbəsində yerləşən məhəllədə artıq 22 dayaq basdırılıb, hazırda isə elektrik xətləri çəkilir. Ümumilikdə sözügedən ərazidə 50-yə yaxın dayağın basdırılması nəzərdə tutulur. Yeni dayaqlara LED lampaları quraşdırılır.
“Abad məhəllə”nin 1-ci mikrorayon ərazisində də müasir işıqlandırma sistemi qurulur. Bu məqsədlə ərazidə 22 dayağın basdırılması üçün quyular qazılıb, digər işlərin aparılmasına hazırlıq görülür.
Məhəllələrdə sakinlərin rahat və təhlükəsiz istirahətinin təmin edilməsi məqsədilə söhbətgahlar, oturacaqlar, idman qurğuları, uşaq və əyləncə meydançaları salınır, müasir işıqlandırma sistemi qurulur, məişət tullantılarının atılması üçün yeni konteynerlər yerləşdirilir. 2023-cü ildə Gəncə şəhərinin digər yaşayış massivlərində də “Abad məhəllə” layihəsi çərçivəsində təmir-bərpa və abadlıq işləri aparılacaq.

Regionlar 2023-01-06 14:40:38