×
A
A
A
Sazlamalar

Sosial reabilitasiya xidməti göstərilmiş daha 16 repatriant qohumlarına təhvil verilib

Bakı, 6 yanvar, AZƏRTAC

Ötən ilin son aylarında Suriyadan repatriasiya olunaraq ölkəmizə qaytarılan daha 16 ölkə vətəndaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsində bir müddət sosial reabilitasiya xidməti ilə təmin edilərək qohumlarına təhvil veriliblər. Onlardan 3-ü qadın, 13-ü uşaqdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, növbəti mərhələdə isə agentliyin sosial işçiləri və psixoloqu həmin şəxslərin yaşadıqları icmaya reinteqrasiyasına və sosial reabilitasiyasına dəstək üçün onların yerləşdirildikləri ailələrə səfərlər edib.
Hər bir repatriant ilə qiymətləndirmə aparılıb və fərdi müdaxilə planı əsasında onların sosial reabilitasiyası ilə yanaşı səhiyyə, təhsil, məşğulluq və digər zəruri xidmətlərlə təmin edilməsinə dəstək göstərilib.
Həmin ailələrin psixoloji vəziyyətinin monitorinqi prosesi də aparılır və bu proses bitdikdən sonra psixoloji yardıma ehtiyacı olan uşaqlar, ailə üzvləri ayrı-ayrılıqda konsultasiyaya cəlb ediləcəklər.
Ümumilikdə Sosial Xidmətlər Agentliyi hazırda 400-dən çox repatriantla sosial reabilitasiya işi aparır.

 

Sosial 2023-01-06 14:22:00