Ekspert: İdxalın səviyyəsi kəskin şəkildə azalmasa inflyasiyanın artacağını proqnozlaşdırmaq olar
Bakı, 6 yanvar, Samirə Quliyeva, AZƏRTAC
İnflyasiya ilə bağlı çağırışlar kifayət qədər ciddidir. Bu inflyasiya meyilləri artıq ümumdünya probleminə çevrilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının professoru Elşad Məmmədov deyib.
O bildirib ki, buna bir sıra amilləri səbəb göstərmək olar. Ən önəmli məqamlardan biri hazırda dünya iqtisadiyyatında həm tələb inflyasiyasının, yəni artıq pul kütləsi ilə bağlı olan inflyasiyanın, həm də təklif inflyasiyasının üst-üstə düşməsidir. Çünki istehsal zəncirləri, nəqliyyat-logistika zəncirləri qırılır, resurslar bahalaşır, əlçatanlıq baxımından resurslara çıxış imkanları azalır. Bu da dünya miqyasında qiymətlərin artımını şərtləndirir. Ona görə biz idxalın səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə nail olmalıyıq. Əks halda inflyasiyanın bundan sonra da artacağını proqnozlaşdırmaq olar.
E.Məmmədov qeyd edib ki, dövlətimizin başçısının müvafiq tapşırıqlarına əsasən, idxalın əvəzolunması ilə bağlı tədbirlər ardıcıl şəkildə davam etdirilməlidir, daha da gücləndirilməlidir: “Biz istehsalın lokallaşdırılmasına, regional iqtisadi əməkdaşlığın dərinləşməsi vasitəsilə ölkəmizdə istehsal olunan məhsulların satış imkanlarının genişləndirilməsinə nail olmalıyıq. Bu baxımdan investisiya ilə bağlı perspektivlər təhlil edilməlidir. Çünki inflyasiya ilə mübarizə nöqteyi-nəzərdən ən effektiv mexanizmlərdən biri daha çox istehsal etməkdir. Daha çox istehsal üçün isə investisiyaların həcmi artmalıdır. Ona görə zənnimcə, ölkədə effektiv daxili investisiya institutu işə düşməlidir. Bank sektorundan bununla bağlı böyük gözləntilər var. Düşünürəm ki, bank sektoru qabaqlayıcı şəkildə ölkədə investisiya artımının generasiya edilməsinə nail olmalıdır. Pul-kredit siyasətinin sərtləşməsinə deyil, yumşalmasına, amma pul kütlələrinin məhz real sektora, investisiyalara yönləndirilməsinə nail olmaq zəruridir”.
İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
FED-dən yeni artım qərarı: manatı nə gözləyir?
Dövlət xətti ilə 3 min 287 kirayə mənzil verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 43 min 295 ipoteka krediti verilib
Korporativ Sosial Məsuliyyət “PAŞA Holding”in strategiyasının mərkəzində qalmaqdadır