×
A
A
A
Sazlamalar

Bayram günlərində Bakı avtovağzalından xətlərə əlavə 635 avtobus buraxılıb

Bakı, 5 yanvar, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tapşırığına əsasən respublikanın bütün avtovağzal və avtostansiyaları 2022-ci il dekabrın 28-dən 2023-cü il yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən reysə 200-ə yaxın avtobus çıxırdısa, bu tarixlərdə xətlərə əlavə 635 avtobus buraxılıb. Ümumilikdə isə bayram günlərində regionlara 2235 reys həyata keçirilib, 64 min 195 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın satış kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Nəqliyyat 2023-01-05 18:14:00