×
A
A
A
Sazlamalar

Cari ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub VİDEO

Bakı, 5 yanvar, AZƏRTAC

Dövlət başçısının yeni sərəncamı ilə ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla əlaqədar keçirilən brifinqdə deyib.
A.Əliyev bildirib ki, sərəncamla minimum aylıq əməkhaqqı 2023-cü il yanvarın 1-dən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların tarif (vəzifə) maaşları da bir ay ərzində bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqları da artacaq. Minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min işçini əhatə edəcək.
Qeyd olunub ki, minimum pensiyanın 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə də 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim ediləcək. Nəticədə minimum aylıq pensiya da 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək.
Ümumilikdə son 5 ildə sosial sahədə ardıcıl xarakter alan inqilabi sosial islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.
Həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52 faiz, orta aylıq pensiya 80 faiz, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsait 80 faiz artıb. Həmin dövrdə əmək müqavilələrinin sayı 33 faiz (431 min) artaraq 1 milyon 741 minə çatıb, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub.
2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub və bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Sosial 2023-01-05 17:04:00

Video