×
A
A
A
Sazlamalar

Yaponiyada 212 kiloqramlıq tuna balığı 271 min dollara satılıb

Bakı, 5 yanvar, AZƏRTAC

Tokioda ilin ilk hərracında 212 kiloqramlıq mavi tuna balığı 36,04 milyon yenə (təxminən 271 min dollar) satılıb. Bu hərracda iştirak Yaponiyanın restoran biznesi üçün prestijli sayılır.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, hərracın təşkilatçıları satılan balığın ölkənin şimalında yerləşən Aomori prefekturasının Oma limanından gətirildiyini bildiriblər.
Bu il qiymət xeyli aşağı olub. Belə ki, 2019-cu ildə çəkisi 278 kiloqram olan tuna balığı 3 milyon dollardan baha qiymətə satılaraq rekord müəyyən edib.
Həmçinin hərracda çəkisi 500 qram olan bir qutu “sato-nisiki” albalısı 1,3 milyon yenə (təxminən 9,8 min dollar) satılıb. İlk dəfə 1928-ci ildə yetişdirilən “sato-nisiki” dünyanın ən bahalı albalı növlərindən biri hesab olunur. Bu albalı növünün hamısı Yamaqata prefekturasında yetişdirilir.
Yaponiya restoran biznesinin nümayəndələri arasında belə bir inanc hökm sürür ki, ilin ilk hərracında əsas lotun alınması ticarətdə uğur gətirəcək.

 

Bu maraqlıdır 2023-01-05 16:18:00