ÜST: hər həftə COVID-19 on min insanın həyatına son qoyur
Bakı, 5 yanvar, AZƏRTAC
COVID-19 ilə mübarizədə aşkar irəliləyişə baxmayaraq, təhlükənin tam aradan qaldırılması hələ ki, mümkün olmayıb. Bununla belə koronavirus infeksiyasının profilaktika, diaqnostika və müalicə tədbirlərinə çıxışda qeyri-bərabərlik qalmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hər həftə COVID-19 səbəbindən on min nəfər ölür. “Bu yalnız bizə məlum olan rəqəmlərdir. Real rəqəmlər çox güman ki, qat-qat artıqdır”, – deyə doktor Tedros Qebreyesus qeyd edib. O deyib ki, son vaxtlar xəstəxanaya yerləşdirmə göstəriciləri də artıb, xüsusilə də mövsümi qripin dövr etdiyi Şimal qütbündə.
“ÜST həmişəki kimi bütün dünya üzrə müalicəyə əlçatanlığı yüngülləşdirməyə çalışır”, – deyə təşkilatın başçısı bildirib. O xatırladıb ki, bu yaxınlarda Hindistan şirkəti virus əleyhinə iki preparatın - Nirmatrelvir və Ritonavirin istehsalına icazə alıb.
ÜST ekspertləri SARS-CoV-2-nin genom sekvenləşdirilməsi barədə Çin tərəfindən təqdim edilən məlumatı tədqiq ediblər və narahatçılığa səbəb ola biləcək yeni variantları aşkar etməyiblər. 30 ekspertdən ibarət olan Texniki məşvərət qrupunun görüşü xəstəliyə yoluxma hallarının artdığı Çində COVID-19 ilə bağlı vəziyyətin müzakirə edilməsinə həsr olunmuşdu. Sekvenləşdirmə məlumatlarına əsasən, COVID-19-a yoluxma hallarının 97,5 faizinə səbəb “omikron”un BA.5.2 və BF.7 variantları olub. ÜST koronavirusun mümkün təhlükəli mutasiyalarını qaçırmamaq üçün Çində epidemioloji vəziyyəti bundan sonra da izləmək niyyətindədir və bu ölkənin rəsmilərini müvafiq tədqiqatlar aparmaq və məlumatı vaxtlı-vaxtında paylaşmağa çağırır.
Doktor Tedros Qebreyesus bildirib: “Biz bir daha Çindən xəstəxanaya yerləşdirmə və ölüm halları barədə operativ və yoxlanılmış məlumatın mütəmadi olaraq təqdim etməsi, eləcə də genom sekvenləşdirilməsinin real zaman rejimdə və daha tam formada aparmağını xahiş edirik. ÜST Çin əhalisinə təhdidlərdən çox narahatdır və xatırladır ki, “buster” dozası da daxil olmaqla, vaksinasiya çox vacibdir. Vaksinasiya xəstəxanaya yerləşdirmə, xəstəliyin ağır keçməsi və ölümdən müdafiə edir”. ÜST başçısının sözlərinə görə, bu xüsusilə yaşlı pasiyentlər və xroniki xəstəliklərdən əziyyət çəkən insanlara aiddir.
Yeni variantlara gəldikdə, hazırda ekspertlər “omikron”un bir neçə altnövünü izləyirlər. ÜST-nin mütəxəssisi Mariya Van Kerkxovenin sözlərinə görə, əsas meyar – bu və ya digər ştamın nə dərəcədə yoluxucu olması, eləcə də keçirilmiş xəstəlik və ya peyvəndlə təmin edilmiş immun müdafiəni nə dərəcədə keçməyə qadirdir. “Virus nə qədər çox yayılsa, mutasiya təhlükəsi daha çoxdur”, – deyə o qeyd edib.
Hazırda ÜST xəstəliyə yoluxma hallarının artacağını gözləyir, lakin mütləq ölüm hallarının deyil, çünki mövcud vasitələr hələ də xəstəliyin ağır gedişindən və ölümdən qoruyur.
Bundan başqa, Mariya Van Kerkxovenin sözlərinə görə, bir çox ölkədə digər respirator viruslar da dövr edir, insan sıxlığını nəzərdə tutan bayram tədbirləri ilə əlaqədar isə xəstəliyə yoluxma hallarının göstəriciləri çox güman ki, artacaq.
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb
Yetkinlik yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır
Donorluğa nəzarət üçün Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası fəaliyyət göstərəcək