×
A
A
A
Sazlamalar

Səkkiz Avropa ölkəsində temperatur rekordları qeydə alınıb

Bakı, 5 yanvar, AZƏRTAC

Yanvarın əvvəlində demək olar ki, bütün Avropa qitəsini isti hava dalğası bürüyüb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, səkkiz Avropa ölkəsində və qitənin üç regionunda temperatur rekordları qeydə alınıb.
Qış fəslinin adətən qarlı və şaxtalı keçdiyi Polşada bazar günü 19 dərəcəyə yaxın isti müşahidə olunub. Həmin gün Bilbaoda (İspaniya) termometr Selsi şkalası üzrə 25 dərəcə istilik göstərib. Bu, yanvarın 1-i üçün orta göstəricidən 10 dərəcə yuxarıdır.
Polşadan başqa Niderland, Lixtenşteyn, Litva, Latviya, Çexiya, Danimarka və Belarusda, habelə Almaniya, Fransa və Ukraynanın bəzi regionlarında da temperatur rekordları qeydə alınıb.
Alp dağlarındakı xizəksürmə kurortlarında qar yoxdur, yamaclarda otlar göyərir.
Lakin isti hava heç də bütün Avropada müşahidə olunmur. Məsələn, Skandinaviya və Rusiyada sinoptiklər qar yağmasını və 20 dərəcəyə qədər şaxta olacağını vəd edirlər. Bu günlərdə Britaniya, İrlandiya, Fransa və İspaniya 2022-ci ilə iqlim yekunları vuraraq həmin ilin tarixdə ən isti il olduğunu elan ediblər.
Havaların isti keçməsi ilə əlaqədar Avropa ölkələrinin çoxunda qaza tələbat azalıb və müvafiq surətdə qazın qiyməti də ucuzlaşıb. Yanvarın 4-də London birjasında qazın 1 kubmetrinin qiyməti 2021-ci ilin noyabr ayından bəri ilk dəfə 750 ABŞ dollarından aşağı olub, Niderlandda isə bu göstərici 733 dollara düşüb.
Alimlərin fikrincə, ilıq və ya isti hava dalğası getdikcə güclənir və uzunmüddətli olur. Hesab edirlər ki, bu, insanın təbiətə təsirinin nəticəsidir. Avropada qışın isti keçməsi bəlkə də xoşagələn və sərfəlidir, lakin yayda qızmar hava dalğaları insanların ölümünə və məhsulun məhv olmasına gətirib çıxarır.

Ekologiya 2023-01-05 11:10:00