×
A
A
A
Sazlamalar

Dünyanın 110 ölkəsində meymunçiçəyi xəstəliyinə 80 mindən çox yoluxma halı qeydə alınıb

Bakı, 4 yanvar, AZƏRTAC

ÜST tərəfindən adı dəyişdirilən və hazırda empoks (mpox) adlandırılan meymunçiçəyi xəstəliyinə əsasən Mərkəzi və Qərbi Afrikanın tropik yağış meşələri bölgələrində rast gəlinir. Lakin 2022-ci ildə empoksun yayılması dünyanın digər hissələrində də müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “İctimai səhiyyə 2022-ci ildə” icmalında deyilir.
May ayında ÜST xəstəliyin yayılmasının COVID-19 pandemiyasını xatırlayacağı ilə bağlı narahatçılığı aradan qaldırmağa çalışıb və qeyd edib ki, yoluxanların əksəriyyəti müalicə olunmayaraq bir neçə həftə ərzində sağalır.
Lakin dünyada yoluxma hallarının sayının artması ilə əlaqədar olaraq ÜST iyul ayında bəyan edib ki, hazırda empoks “ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət” kimi təsnif olunur.
Avqust ayında ÜST-nin yüksəkvəzifəli əməkdaşlarından biri qeyd edib ki, beynəlxalq birlik inkişaf etmiş ölkələrdə yoluxma hallarının sayının yalnız artmasından sonra empoksla maraqlanıb.
Noyabrın sonunda ÜST, xəstəliyin adı ilə əlaqədar irqçi və damğalayıcı fikirlər haqqında məlumatlara istinad edərək, elan edib ki, bundan sonra “meymunçiçəyi”ni empoks adlandıracaq.
Dekabr ayına qədər 110 ölkədə meymunçiçəyi xəstəliyinə 80 mindən çox yoluxma halı qeydə alınıb, 55 nəfər ölüb.
Azərbaycanın tibbi strukturlarının məlumatlarına görə, ölkədə meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Səhiyyə Nazirliyinin müraciətinə əsasən ÜST Azərbaycana 3000 diaqnostik testlər gətirərək, onları Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Səhiyyə 2023-01-04 18:44:00