×
A
A
A
Sazlamalar

Yeni bank qanunvericiliyinin qəbul edilməsi Mərkəzi Bankın mandatının effektiv həyata keçirilməsinə zəruri dəstək verəcək

Bakı, 4 yanvar, AZƏRTAC

Bu il faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili amillərin inflyasiyaya təsirləri, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun müzakirəsi nəzərdə tutulur. Faiz dəhlizi banklararası qısamüddətli pul bazarında vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsinin alternativ dəyəri kimi istifadə olunacaq.
Pul siyasətinin inflyasiyaya zaman intervalı ilə təsirini nəzərə alaraq, Mərkəzi Bank pul siyasətinə dair qərarları proqnoz inflyasiyanın hədəfdən ortamüddətli kənarlaşma səviyyəsindən asılı olaraq qəbul edəcək. Bu zaman faiz, kredit və gözlənti kimi transmissiya kanallarının təsir gücü nəzərə alınacaq. Pul siyasətinin əməliyyat hədəfi olaraq pul bazarında qısamüddətli faizlərin Mərkəzi Bankın faiz dəhlizinə yaxınlaşması üçün 2023-cü ildə Mərkəzi Bank bütün alətlərdən adekvat istifadə edəcək. Likvidliyin idarə edilməsində məcburi ehtiyatlardan, daimi imkan alətlərindən və açıq bazar əməliyyatlarından da istifadə olunacaq. Alətlərin kəmiyyət parametrlərinə və müddətinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən asılı olaraq operativ şəkildə veriləcək.
Pul siyasətinin təkmilləşdirilməsi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq “İnflyasiya hədəflənməsi rejiminə keçidin baza şərtlərinin formalaşdırılması” çərçivəsində həyata keçiriləcək. Ölkədə valyuta bazarında təklif kanallarının şaxələndirilməsi, maliyyə sektorunun dərinliyinin artırılması, nağd-kölgə iqtisadiyyatının məhdudlaşdırılması və makroiqtisadi koordinasiyanın effektivliyinin gücləndirilməsi inflyasiyanın hədəflənməsi rejiminə keçidə şərait yaradacaq. Yeni rejimə keçidin baza şərtlərinin formalaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən pul siyasəti alətlərinin və pul bazarının infrastrukturunun təkmilləşdirilməsi davam etdiriləcək. Mərkəzi Bankın faiz dəhlizinin effektivliyinin artırılması, o cümlədən banklararası pul bazarında qısamüddətli faizlərin dəhlizin aşağı həddinə yaxın idarə olunması imkanlarına baxılacaq.
Mərkəzi Bankda təhlil və proqnozların hazırlanması üçün modellərin modernləşdirilməsi, proqnoz göstəricilərinin çeşidinin genişləndirilməsi xüsusi diqqətdə saxlanılacaq. Pul siyasətinin kommunikasiyasının əhatə dairəsinin genişləndirilməsini və aydın olmasını təmin etmək üçün daimi iş aparılacaq. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank bank ictimaiyyəti, maliyyə bazarlarının peşəkar iştirakçıları və müstəqil ekspertlər ilə aktiv dialoqu davam etdirəcək. Yeni bank qanunvericiliyinin qəbul edilməsi Mərkəzi Bankın mandatının effektiv həyata keçirilməsinə zəruri dəstək verəcək.

 

Maliyyə 2023-01-04 12:01:00