×
A
A
A
Sazlamalar

İctimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən müəssisələrə vergi güzəştləri tətbiq olunacaq

Bakı, 31 dekabr, AZƏRTAC

2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən müəssisələrə vergi güzəştləri ilə bağlıdır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dəyişiklikdə Vergi Məcəlləsində edilmiş güzəştin paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə də şamil edilməsi, eyni zamanda, bu güzəştin tətbiqi məqsədilə Azərbaycan Prezidenti tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılan fondların siyahısının müəyyənləşdirilməsi nəzərdə tutulur.
Məlum olduğu kimi, ölkəmizdə elm, təhsil, mədəniyyət, tibb və idmanın inkişafı üçün bir sıra vergi güzəştləri müəyyənləşdirilib. Belə ki, vergiödəyiciləri tərəfindən Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən və hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsi 2019-cu il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azad edilib. Daha sonra güzəştin dairəsi genişləndirilib, əlavə olaraq vergiödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara (“YAŞAT” Fondu, “Qarabağ Dirçəliş Fondu” və sair) köçürülən hissəsi də 2021-ci il yanvarın 1-dən 8 il müddətinə vergidən azad olunub.
Sözügedən dəyişiklik dövlətə məxsus olan hüquqi şəxslərin sosial istiqamətlərdə maliyyə yardımının edilməsində maraqlı olmasına və eyni zamanda, həmin sahələrin maddi gəlirlərinin artmasına gətirib çıxaracaq.
Digər bir dəyişiklik ictimai və sosial məqsədlər üçün yaradılan fondlarla bağlıdır. Belə ki, hazırda yalnız Azərbaycan Prezidenti tərəfindən yaradılan fondlara edilən köçürmələr vergidən azaddır. Qanunvericiliyə olunmuş dəyişikliklə ölkə başçısının müvafiq qərarı ilə yaradılmayan, lakin müəyyən ediləcək siyahı üzrə ictimai və sosial məqsədli bir sıra digər fondlara edilən ödənişlərə də güzəşt tətbiq olunub.

Maliyyə 2022-12-31 01:36:00