×
A
A
A
Sazlamalar

“Azərenerji” bayram günlərində iş rejimini gücləndirəcək

Bakı, 30 dekabr, AZƏRTAC

İlin 365 günü 24 saat fasiləsiz olaraq elektrik enerjisi istehsal etdiyindən hər zaman növbətçilik prinsipi ilə fəaliyyət göstərən “Azərenerji” ASC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı iş rejimini daha da gücləndirəcək. Bununla əlaqədar qabaqlayıcı tədbirlər görülüb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, enerjinin ixracını stabil həyata keçirmək məqsədilə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil olunub. Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işi, o cümlədən mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin olunub. Stansiya və yarımstansiya, o cümlədən ötürmə xətlərində gecə baxışları keçirilib. İdarəetmə sistemi və qurğuların, həmçinin əks-qəza avtomatikasının təlimata və rejimə uyğun normal fəaliyyəti yoxlanılıb.

Energetika 2022-12-30 16:47:00