×
A
A
A
Sazlamalar

Fiziki aktivlik və zərərli vərdişlərdən imtina hipertoniyanın qarşısını almağa kömək edir

Bakı, 30 dekabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Fərid Əliyev yüksək qan təzyiqinin yaranma səbəbləri, optimal qan təzyiqi norması, hipertoniyanın dərmanla müalicəsində diqqət edilməli məqamlar ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Fərid müəllim, yüksək qan təzyiqinin səbəbi nədir və qarşısını necə almaq olar?
- Yüksək qan təzyiqinin əsas səbəbləri arasında yaşlanma, bizə ötürülən genetik amillər və yaşam tərzidir. Bunların içində dəyişdirə biləcəyimiz tək amil yaşam tərzidir. Duz istifadəsini məhdudlaşdırmaq, fiziki aktivlik, zərərli maddə və vərdişlərdən uzaq durmaqla hipertoniyanın qarşısını almaq və ya ortaya çıxmasını gecikdirməyə kömək edəcək.
- Qan təzyiqi hansı yaşda necə olmalıdır?
- Əslində qan təzyiqinin 120/80 mmHg-dan aşağı olması optimal sayılır. 120-129/80-84 mmHg arası normal, 130-130/84-89 mmHg arası yüksək normal və 140/90 mmHg-dan yüksək olması isə artıq hipertenziya sayılır. Təbii ki, rəqəmlər artdıqca hipertenziyanın şiddət dərəcəsi də artır. Yüksək qan təzyiqi 18 yaşından yuxarı olan insanlarda bu şəkildə dəyərləndirilir.
- Yüksək qan təzyiqinə zamanında müdaxilə edilməzsə, hansı ağır fəsadlar yarana bilər?
- Yüksək qan təzyiqi olan insanların 1/3-i xəstəliklərinin fərqində deyil və ancaq bununla bağlı fəsadlar baş verəndə müraciət edirlər. Sistolik qan təzyiqində hər 10 mmHg artım kardiovaskulyar ölümləri 10-20 faiz artıb. Ölüm səbəblərinin başlıcası işemik insult, beyin qanaxması, miokard infarktı, böyrək çatışmazlığı və digər fəsadlardır.
- 24 saatlıq qan təzyiqi monitorinqi niyə önəmlidir?
- Yüksək qan təzyiqində sadəcə gündüz ölçmələri kifayət deyil. Gecə vaxtı qan təzyiqinin ölçümü də çox önəmlidir. Belə ki, gecə qan təzyiqləri yüksək olan şəxslərin insult və miokard infarktı riski digər hipertenziya xəstələrinə görə ən az ikiqat artıqdır. Bəzi xəstələrdə isə maskalanmış hipertenziya olur ki, bu durumda həkim kontrolunda qan təzyiqi normal olduğu halda evdə qan təzyiqi yüksək olur və ya tam tərsinə “ağ xalat” hipertenziyası adlandırdığımız durumda xəstəxanada qan təzyiqləri yüksək, xəstəxana xaricində isə normal olur. Bunu nəzərə alaraq, bütün hipertenziya xəstələrində mütləq şəkildə 24 saatlıq qan təzyiqi monitorinqi icra edilməlidir.
Yuxu apnoyesi durumu özəlliklə artıq çəki və qısa boynu olan xəstələrdə mütləq nəzərə alınmalıdır. Bu xəstələrdə gecə yuxuda xoruldama, gündüz yuxululuq, istəksiz yatma, davamlı gün içində yorğun olub-olmadığı soruşmalı və lazımi vəziyyətlərdə polisomnoqrafiya, yəni yuxu testi icra olunmalıdır.
- Hipertoniyada həyat tərzi necə olmalıdır və nələrə diqqət etməliyik?
- İlkin müalicə həyat tərzinə olan müdaxilələrdən ibarət olmalıdır. Xəstənin günlük duz istifadəsi 2-5 qram arasında olmalı, spirtli içki istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalı və Bədən Kütlə İndeksi (BKİ) normallaşdırılmalıdır. Belə ki, BKİ 20-25 kg/m2 və bel çevrəsi kişilərdə 94 santimetr, qadınlarda isə 80 santimetr civarında olmalı, fiziki aktivliyə önəm verilməlidir (günlük ən az 30 dəqiqə olmaqla, həftədə ən azı 3-5 gün dinamik fiziki məşğələlər).
Bu həyat tərzindəki müsbət dəyişikliklər ilə özəlliklə başlanğıc mərhələsində olan xəstələrdə dərman ehtiyacı ortadan qaldırıla və ya dərman dozalarının azaldılmasına köməklik edə bilər.
- Hipertoniyanın dərman ilə müalicəsində nələrə diqqət edilməlidir.
- Hipertoniyanın dərman müalicəsində xəstəliyin növü, pasiyentin yaşı, həyat tərzi, kardiovaskulyar risk faktorları və mövcud olan yanaşı xəstəliklər nəzərə alınmalıdır.
Avropa Kardiologiya Cəmiyyəti və Avropa Hipertenziya Cəmiyyətinin tövsiyələrinə əsasən, dərman müalicəsinə kombinə olunmuş dərman preparatları ilə başlanması daha məqsədəuyğundur. Dərman müalicəsi başlayanda xəstəyə bəzi preparatların təsirinin gec və bəzən optimal nəticə əldə etmək üçün 2-4 həftəyə qədər zamana ehtiyac ola biləcəyi izah edilməlidir.
- Qan təzyiqinin düzgün ölçülmə qaydası necə olmalıdır ?
- Qan təzyiqi xəstə sakit bir ortamda 5 dəqiqə dincəldikdən sonra oturaq vəziyyətdə ölçülməlidir. Biləkdən ölçüm aparan cihazların istifadəsi tövsiyə olunmur. Bunun əvəzinə civəli manometrlərdən və ya Avropa Hipertenziya Cəmiyyətinin tövsiyə etdiyi qoldan ölçüm aparan elektron cihazlardan istifadə olunmalıdır. Qan təzyiqi hər iki qoldan ölçülməli və sonrakı təqiblərdə eyni anda daha yüksək qan təzyiqi ölçülən qoldan istifadə olunmalıdır. Hipertoniya diaqnozunu qoymaq üçün 1-2 dəqiqə aralıqlarla aparılan ən az 3 ölçmə və onlar arasındakı fərq 10 mmHg-dan çoxdursa əlavə ölçmələr icra edilməlidir. Qan təzyiqi sistolik 140 mmHg, diastolik isə 90 mmHg və daha yüksəkdirsə hipertoniya diaqnozu qoyulur.

Səhiyyə 2022-12-30 14:44:00