×
A
A
A
Sazlamalar

“ASCO istiqrazları” premium bazar seqmentində listinqə daxil edilib

Bakı, 30 dekabr, AZƏRTAC

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 100 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, bu istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı dekabrın 29-dan başlayıb və fevralın 28-dək davam edəcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC-dir.
Qeyd edək ki, faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların sayı 100 min ədəd, nominal dəyəri min dollar, illik faiz dərəcəsi 6 faiz, tədavül müddəti 5 ildir. Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

Maliyyə 2022-12-30 13:37:00