×
A
A
A
Sazlamalar

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunub

Bakı, 30 dekabr, AZƏRTAC

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsinin Londonda keçirilən 79-cu sessiyasında ölkəmizi təmsil edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirə agentliyin Dəniz üzgüçülüyü əməliyyatları departamentinin Dövlət bayraq və liman nəzarəti şöbəsinin müdiri Əli Əliyev, Hüquq və beynəlxalq əlaqələr departamentinin Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi İsmayıl Aslanov qatılıb.
Sessiya çərçivəsində Azərbaycan Respublikasının qoşulduğu “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın (MARPOL) əhatə etdiyi yük halında daşınan neft, kimyəvi maddələr, gəmilərdən çirkab, tullantı, istixana effekti yaradan qaz (GHG) emissiyalarının azaldılması, həmçinin gəmilərdən çirkləndirilmənin qarşısının alınması və ona nəzarət kimi dəniz ətraf mühiti ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Bununla yanaşı, sessiyada ballast sularında zərərli su orqanizmləri, hava çirkləndirilməsinin qarşısının alınması, gəmilərin enerji səmərəliliyi, plastik materiallarla çirkləndirmə ilə mübarizə mövzularında hesabatlar dinlənilib. Panel iclaslarda dəniz ətraf mühitinin qorunması üzrə texniki əməkdaşlıq fəaliyyətləri barədə də fikir mübadiləsi aparılıb.
Beynəlxalq tədbirdə Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsi tərəfindən Aralıq dənizinin Kükürd Emissiyalarına Nəzarət Zonasına (SECA) daxil edilməsi və Enerji Səmərəliliyi Dizaynı İndeksi (EEDI) üzrə yeni hesablama qaydalarının təsdiq edilməsinə dair müvafiq qətnamələr qəbul edilib.
Həmçinin sessiya zamanı 2023-cü il üçün sözügedən komitənin yeni sədr və sədr müavininin seçilməsi məqsədilə səsvermə də keçirilib.

 

Nəqliyyat 2022-12-30 13:02:00