×
A
A
A
Sazlamalar

Gələn il Mərkəzi Bankın pul siyasəti qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək

Bakı, 30 dekabr, AZƏRTAC

Gələn il Mərkəzi Bankın pul siyasəti qiymət sabitliyinin təmin olunmasına yönəldiləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Pul siyasəti ilə bağlı qərarlar illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq veriləcək. Növbəti ildə də pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcək. Pul siyasətinin məqsədi növbəti ildə də qiymət sabitliyinin təmini olacaq. İnflyasiya hədəfi üzrə kəmiyyət parametrləri dəyişməz saxlanılır. Mövcud monetar şəraitin saxlanılması 2023-cü ildə illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşma səviyyəsindən asılı olacaq. İllik inflyasiya göstəricilərinin və proqnozlarının hədəfə yaxınlaşması baş verərsə, ilk olaraq monetar şəraitin dəyişilməz saxlanılması, sonrakı mərhələdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək.
Xarici mühitlə bağlı yüksək qeyri-müəyyənliklər növbəti ilə inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Növbəti ildə də dünya bazarında birja əmtəələrinin qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və daşınma xərcləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Artmaqda davam edən inflyasiya təzyiqlərinin inersiyası nəzərə alınmaqla onun azalması tədricən baş verəcək və bu proses gözlənildiyindən daha uzun çəkə bilər. Pul siyasəti yürüdülərkən inflyasiya proseslərinə məzənnənin ötürücülük potensialı 2023-cü ildə də nəzərə alınacaq.

Maliyyə 2022-12-30 12:16:00